Fəaliyyətimiz

09.12.2011

İşçi Qrupunun növbəti iclası keçirilmişdir.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının “Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin edilməsi üzrə Strateji hədəfinin 1.1.5. yarımbəndi (Kommunal xidmətlər sektorunda kadr potensialının təkmilləşdirilməsi) üzrə əmək bazarında mövcud vəziyyətin və perspektivlərin müzakirə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış İşçi Qrupunun 26 dekabr 2017-ci il tarixdə növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Dövlət Məşğulluq Xidmətinin rəisi  Anar Bədəlbəyli Strateji Yol Xəritəsinin ötən dövr ərzində monitorinq və qiymətləndirmə nəticələri barədə İşçi qrupunun üzvlərinə məlumat vermiş və görülən işlərin qənaətbəxş olduğunu bildirmişdir.

Kommunal sahədə fəaliyyət göstərən qurumların - «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti və «Azəristiliktəchizat»  Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən kommunal xidmətlər sektorunda hazırda tələb olunan peşələr barədə iclas iştirakçılarına məlumat verilmişdir.

Bununla yanaşı kadr potensialının gücləndirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq təcrübə əsasında oxşar mühiti və uyğun şərtləri olan ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycan şəraitinə uyğun olan yeni siyasətlərin seçimi və yeni standartların hazırlanması barədə müzakirələr aparılmışdır.

Kommunal xidmətlər sektorunda tələb olunan peşələrin müəyyənləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi tərəfindən tərtib edilmiş sorğu anketinin nümunəsi barədə iclas iştirakçıları müvafiq təklif və rəylərini irəli sürmüşlər.