Peşəyönümü


Qədim yunanlar insanın qarşısında belə bir vəzifə qoyurdular: “Özünü dərk et”. Yəqin ki, indi də özünü dərk etmənin necə vacib olduğunu heç kəs inkar etməz. Özünü dərk etmə isə həyat yolundan, həyat fəaliyyətindən başlanır.

Əbəs yerə demirlər ki, düzgün başlanğıc müvəffəqiyyətin yarısıdır. Düzgün peşə seçmisənsə, demək, həyat yolunu doğru irəliləmək imkanı genişlənir. Başqa sözlə, iş elə olmalıdır ki, o, insanın yaradıcılıq imkanlarını genişləndirə, onu cəlb edə bilsin.

İnsanın imkanları genişdir. Həyatda isə peşələr çoxdur, heç ola bilməz ki, hər kəs onlardan birində və ya bir neçəsində müvəffəqiyyətlə çalışmasın. Elə buna görə əbəs yerə deyilmir ki, həyatda istedadsız adam yoxdur, öz yerini düzgün tapmayan adamlar vardır.

Bəs həyatda öz yerini necə tapmalı? Hansı peşəni seçməli? Bu sual hər bir kəsi düşündürür. Yuxarı sinif şagirdləri isə istər-istəməz tez-tez özlərinə bu sualları verirlər. Hər bir adamın düzgün peşə seçməsinə dövlətimiz xüsusi diqqət yetirir.

Elmi peşəyönümü sistemi indi daha çox sosiologiya, mühəndis psixologiyası və erqonomikanı özündə birləşdirir. Erqonomika insanın obyektlə, ətraf aləmlə, məişətlə qarşılıqlı münasibətini öyrənir. Başqa sözlə insanın istirahət və əmək şəraitinin optimal yollarını müəyyənləşdirir.

Peşəyönümü və onun son mərhələsi olan peşəseçmə artıq ciddi araşdırmalar obyektinə çevrilir, elmin son nailiyyətlərinə əsaslanır. Və yaxşı olardı ki, hər bir müəssisədə peşəseçmə kabineti yaradılaydı. İşə götürülən gənc işçi bir həftə, on günlük sınaq müddətindən sonra həmin kabinetə gələ, orada onun yeni işə münasibəti, sınaq dövründəki nəticələri və işə münasibəti öyrəniləydi. Onun maraqları, özünə və ətraf mühitə münasibəti müəyyənləşdiriləydi. Sonra xüsusi testlər və peşə diaqnostikasından keçdikdən sonra işə götürüləydi.

Peşəyönümündə kompleks xüsusiyyətlərə diqqət yetirilməlidir. Bunlardan biri və birincisi tibbi müayinə olmalıdır.(Çəkisi, boyu, döş qəfəsinin həcmi, görmə, eşitmə orqanları, əzələsinin gücü, reaksiya sürəti, hadisələrdən “baş çıxarması” və s. burada vacibdir.) Tibbi müayinə zamanı əsas diqqət statik yox, dinamik inkişafa yönəldilməlidir.

Statik tibbi yoxlama insanın mövcud imkanlarıdır. Dinamik inkişaf isə əksinə, həmin şəxsin inkişafı və gələcəkdə qabiliyyətinin hansı istiqamətə yönələ biləcəyini göstərir. Şəxsiyyətin həqiqi “portretini” isə onun statik və dinamik inkişafının vəhdəti, müqayisəsi göstərə bilər.

İnsanın yalnız statik xüsusiyyətlərinin öyrənilməsi onun kompensasion imkanlarını üzə çıxarmaq imkanı vermir.

Peşəyönümü işində testlərdən geniş şəkildə istifadə olunmalıdır. Testlərlə diqqətin davamlılığı, hafizə, müəyyən qabiliyyətlər, qavrayış və s. yoxlanılır. Test insanın psixikasının sirrlərinin öyrənilməsi vasitələrindən biridir. Əlbəttə, yalnız testlərlə insanın imkanlarını bütövlüklə müəyyənləşdirmək qeyri-mümkündür. Lakin bu imkan verir ki, daha tez və daha çox nəzərə çarpan cəhətlər üzə çıxarılsın.

Testin müvəffəqiyyəti sınaq edilənin təhsilindən həmin sahə ilə tanışlığından, müəyyən müvəffəqiyyət qazanmağa cəhd etməsindən, emosional vəziyyətindən və bir sıra fərdi xüsusiyyətlərindən çox asılıdır. Peşə seçməklə bağlı testlərin bütöv bir sistemi hazırlanmışdır. Məsələn Salivan, Raven, Gilford, Landolt və Holland testləri.

Son vaxtlar testlərlə bağlı müəyyən fikirlər irəli sürülür, onun müsbət və mənfi cəhətləri barədə mübahisələr edilir. Bu xüsusilə “intellektual koeffitsenti” müəyyənləşdirməyə aiddir.

Test əsasən təfəkkürün sürət və dəqiqliyini, eləcə də bir sıra başqa keyfiyyətləri öyrənmək imkanı verir. Başqa sözlə, psixoloji testlərdən düzgün istifadə olunduqda intellektual səviyyəni müəyyənləşdirmək mümkün olur. İntellektual inkişaf isə qabiliyyətlərdə və şəxsi keyfiyyətlərdə öz əksini tapır.

Lakin intellaktual koeffisentin sabit qaldığını insanın bütün ömrü boyu istedadlı və ya qabiliyyətsiz olduğunu təyin etdiyini fikirləşmək səhv olardı. Həm də yalnıız intellektual koeffisentə əsasən müəyyən qəti fikirə gəlincə, digər faktorllara diqqət yetirilməsə hər 10 adamdan 7-si qabiliyyətsiz sırasında durar.

Peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə, mövcud əmək bazarının vəziyyəti haqqında onlarda aydın təsəvvür yartmaq məqsədi ilə həyata keçirilir.

Peşəyönümü problemi mürəkkəb, kompleks xarakterlidir. Öz məzmun və metodlarına görə o, pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü olub, təsir dairəsinə görə ictimai, nəticəsinə görə iqtisadi xarakterli problemdir.

Peşəyönümü probleminin həlli həmçinin işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində də mühüm rol oynayır.

Müxtəlif elm sahələrinin nümayəndələri bu anlayışa müxtəlif cür təriflər vermişlər: məsələn, pedaqoqların fikrincə, peşəyönümü şagirdlərin peşə meyl və maraqlarına, qabiliyyətlərinə, psixi və fiziki imkanlarına, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların düzgün peşə seçiminə kömək məqsədi ilə təhsil müəssisəsi (məktəb, peşə liseyi və s.) pedaqoji kollektivin, ailənin, istehsalat müəssisəsi kollektivinin, ictimaiyyətin birgə işini nəzərdə tutur. Psixoloq alimlərin fikrincə, peşəyönümü – gəncə öz qabiliyyətlərinə və cəmiyyətin tələblərinə uyğun olaraq peşə seçməyə imkan verən psixoloji-pedaqoji və tibbi tədbirlər sistemidir. İqtisadçıların və sosioloqların fikrincə, peşəyönümü – ümumbəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olub, yeni nəslin peşə fəaliyyətinin formalaşmasına, fitri qabiliyyətlərinin inkişafına qayğı şəklində təzahür edir, əmək bazarında sosial-iqtisadi vəziyyətin, tələb və təkliflərin, mövcud imkanların nəzərə alınması ilə optimal məşğulluq növünün seçilməsi, şəxsiyyətin peşə özünütəyini məqsədi ilə ona xüsusi təsir sistemidir.

YUNESKO-nun XV Baş Assambleyasının 1970-ci ildə Bratislavada keçirdiyi tədbirdə peşəyönümü anlayışına aşağıdakı tərif verilmişdir: peşəyönümü şəxsiyyətin fərdi qabiliyyətlərindən istifadə edərək, onların inkişafını elə istiqamətləndirməyi nəzərdə tutur ki, sürətlə dəyişən həyat şəraitində (elm, texnika, təhsil, informasiya, rabitə, kommunikasiya, KİV-in intensiv inkişafı və s.) cəmiyyətə faydalı və şəxsi maraqlarına uyğun şəkildə fərd təhsil və əmək fəaliyyəti seçə bilsin.

Peşəyönümü gənclərin peşə seçməyə hazırlanması, onların maraq və meyllərini, əmək bazarının tələbatını nəzərə almaqla münasib peşəyə yiyələnməsi və işə düzəldilməsi məqsədi ilə həyata keçirilən ictimai-pedaqoji tədbirlər sistemidir. Peşəyönümü şəxsiyyətin ahəngdar inkişafına, onun potensial imkanlarının aşkarlanmasına, təlim-tərbiyə prosesinin intensivləşməsinə kömək edir. Bütün bu təriflərin uyğun və fərdi cəhətlərini nəzərə alaraq söyləyə bilərik ki, peşəyönümü işi mürəkkəb, kompleks problem olub, cəmiyyət həyatının mühüm sahələrindən biridir.

Peşəyönümü işinin təşkilində əsas məqsəd:

-peşə, məşğulluq forması, şəxsiyyətin özünüifadə yollarının sərbəst seçimi sahəsində sosial təminatların həyata keçirilməsini təmin etmək;

-cəmiyyətin sosial-iqtisadi inkişafının ümumi istiqaməti ilə dövlət məşğulluq siyasətinin vəhdətinə nail olmaq;

-fərdin peşə maraqları, imkanları, psixo-fizioloji xüsusiyyətləri ilə əmək bazarının tələbatı arasında balans müəyyən etmək;

-fərdin öz əməyi və sosial statusundan qane olması üçün onun peşəkarlığının fasiləsiz inkişafına təsir etməkdir.

Peşəyönümü işinin əsas istiqamətləri aşağıdakılardır:

-peşə məlumatlandırması. Bura əhalinin müxtəlif təbəqələrinin istehsalın müasir növləri, əmək bazarının vəziyyəti, təsərrüfat komplekslərinin ixtisaslı kadrlara tələbatı, əmək bazarının məzmunu və inkişaf perspektivi, peşələrə yiyələnmənin forma və şərtləri, peşə tələbləri, əmək fəaliyyəti prosesində özünütəkmilləşdirmə, peşə-ixtisas inkişafı barədə məlumatlarla tanışlıq daxildir;

-peşə məsləhəti.Peşə seçimində şüurlu qərar qəbul etmək, vətəndaşa peşə özünütəyinində kömək etmək;

-peşə, istehsal və sosial adaptasiya. Bu fərdin fəal yaradıcı əməyə, yüksək peşəkarlıq səviyyəsinə nail olması, sosial və peşə keyfiyyətlərinin formalaşması məqsədi ilə həyata keçirilən tədbirlər sistemidir.

Peşəyönümünün əsas metodları aşağıdakılardır:

-peşə məlumatlandırılması;

-psixoloji və tibbi məsləhət;

-psixoloji, psixo-fizioloji, tibbi diaqnostika;

-peşə seçimi.

Müasir insan həyatda ona lazım olan bütün əmtəələri özü istehsal etmir. Lakin cəmiyyətin inkişafının müəyyən mərhələlərində heç də belə olmamışdır. İbtidai insanlar həyat uğrunda mübarizə apararaq, yaşamaq üçün özünə həm qida əldə etməli, həm paltar hazırlamalı, yaşayış yeri “tikməli”, həm də düşmənlərdən müdafiə olunmalı idilər. Cəmiyyətin sonrakı inkişafında əməyin ictimai bölgüsü aparılmağa başlandı. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıq, digərlərinin isə əkinçiliklə məşğul olması ilə başlamışdır. Əkinçilər və heyvandarlar bir-birinə lazım idilər. Çünki bir qrupun heyvandarlıq məhsullarına, digər qrupun isə əkinçilik məhsullarına ehtiyacı var idi. Beləliklə əmək məhsullarının mübadiləsi yarandı.

Cəmiyyətin inkişafı nəticəsində müxtəlif sənətlərin yaranması əmək bölgüsündə ikinci mühüm mərhələ sayıla bilər. Artıq əmək məhsullarının bölünməsi sənətkarlar, heyvandarlar və əkinçilər arasında aparılırdı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter alır, həcmi genişlənir, beləliklə də ictimai əmək bölgüsünün üçüncü mərhələsində tədricən yeni peşəyə ehtiyac yaranırdı. Bu peşə nümayəndələri əsasən məhsulların mübadiləsi ilə məşğul olanlar, yəni tacirlər idi. Cəmiyyətin inkişafı əməyin tədricən maddi və mənəvi nemətlər istehsalı ilə məşğul olan peşələrə bölgüsünə səbəb oldu.

Müasir cəmiyyətdə əməyin minlərlə növü var. Bunların hər biri insan qarşısında qoyduğu tələblər sistemi ilə birgə peşə adlandırıla bilər. Peşə-cəmiyyətin zəruri ehtiyaclarına uyğun olaraq əməyin bölgüsü nəticəsində insanın fiziki və mənəvi qüvvəsinin məhdud tətbiq sahəsi olub, əvəzində fərdin yaşama və inkişafı üçün imkan yaradır. Peşə-xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir (məşğulluğudur). Peşələr işin xidmət funksiyaları və tətbiq edilən əmək alətləri ilə xarakterizə edilirlər.

İxtisas-insanın əmək fəaliyyəti növü olub, müəyyən istehsal (xidmət) sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksidir. İxtisas peşə daxilində formalaşır (peşə daxilində müxtəlif fəaliyyət növləridir). Peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, riyaziyyat müəllimi, kimya müəllimi və s. Ixtisasları, mühəndislik peşəsi tikinti mühəndisi, maşınqayırma mühəndisi, cihazqayırma mühəndisi və s. ixtisasları əhatə edir.

Minlərlə peşə və ixtisas var, bunları bir-birindən fərqləndirmək asan məsələ deyil, bu məqsədlə peşələri təsnif edirlər. Ümumiyyətlə təsnifat- hər hansı bilik, yaxud insan fəaliyyəti sahəsində tabeli anlayışlar sistemidir, bu anlayışlardan siniflər arasında əlaqə yaratmaq vasitəsi kimi istifadə edilir.

Təsnifat əsasında əşyaları, hadisələri hər hansı mühüm əlamətə görə növlərə bölürlər. Peşənin  düzgün təsnifi onlarla tanışlığı asanlaşdırır. Peşələrin təsnifinin müxtəlif növləri var. Ən sadə təsnifat peşələrin baş hərflərinə görədir (əlifba sırası əsasında). Lakin peşə seçimi baxımından belə təsnifat əlverişli deyil, çünki peşə seçən gənc çox vaxt peşənin adını hələ dəqiq bilmir. Digər təsnifata görə peşələri fiziki və zehni əmək kimi iki qrupa bölmək olar (əməyin xarakteri əsasında bölgü). Son vaxtlar istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması və kompüterləşdirilməsi nəticəsində bu iki qrup arasındakı sərhədlər silinməkdədir. Əgər vaxti ilə fiziki əməklə fəhlələr, zehni əməklə mühəndis – texniki heyyət məşğul olurdusa, indi vəziyyət dəyişmişdir, elə sahələr var ki, orada fəhlələr də zehni işlə məşğul ola bilər. Bu gün elə peşələr var ki, onu bu qruplardan hər hansı birinə aid etmək asan deyil (məsələn, rəqəmli proqramla idarə edilən dəzgahların operatoru peşəsi).

Peşələrin digər təsnifatı onların xalq təsərrüfatı sahələri üzrə bölgüsüdür. Bu sahələr üzrə əhalinin məşğulluğunu aşağıdakı sektorlara bölmək olar: tikinti və sənaye, nəqliyyat və rabitə, kənd təsərrüfatı, ticarət, humanitar sahə (elm, təhsil, səhiyyə, mədəniyyət), dövlət idarəetmə orqanları, xidmət, servis, qeyri-istehsal sahələri və s.

Peşələrin xalq təsərrüfatı sahələri üzrə təsnifi şərti xarakter daşıyır. Belə ki, bəzi sahələr bir-birinə nüfuz etmişdir (məsələn, elm və səhiyyə, elm və rabitə və s.). Digər tərəfdən sahə və sahələrarası (yəni xalq təsərrüfatının bir neçə sahəsində geniş yayılmış) peşələr də mövcuddur, məsələn, çilingər peşəsi (bu peşəyə sənayedə, nəqliyyatda, texnikanın müxtəlif sahələrində rast gəlinir).

Peşələri maddi-istehsal üzrə də təsnif etmək olar: a) maddi istehsal sahəsi peşələri (sənaye, kənd təssərrüfatı, tikinti, rabitə və s.), b) qeyri-istehsal sahəsi peşələri (səhiyyə, mülkü nəqliyyat – sərnişin yük daşıması, ticarət, KİV, təhsil və s.). Sahələri  istehsal və qeyri-istehsal sahələrinə bölərkən də qeyri-dəqiqliyə yol verilə bilər. Belə ki, məşğul əhalinin demək olar ki, hamısı müxtəlif istehsal növləri ilə məşğuldur. Cəmiyyət üçün faydalı istənilən əmək nəticəsindən asılı olmayaraq (maddi və ya mənəvi istehsal) yaradıcı əməkdir. Bu mənada bütün peşələr cəmiyyət üçün eyni səviyyədə əhəmiyyət kəsb edir.

Fəhlə peşələrini ixtisas dərəcələri səviyyəsinə və işin xarakterinə görə də təsnif etmək olar. Məsələn, yüksək ixtisaslı peşələr (mürəkkəb texnoloji proseslərlə əlaqəli işləri icra edən fəhlələr-sazlayıcı, operator və s.), ixtisaslı peşələr (kütləvi fəhlə peşələri – çilingər, qaynaqçı, frezerçi, tornaçı və s.), aşağı ixtisaslı peşələr (makinaçı, liftçi və s.), ixtisas tələb etməyən peşələr (yardımçı fəhlələr). Yuxarıdakı təsnifat formalarında verilən peşə qrupları gələcək peşə seçimi üçün konkret məlumat vermir. Doğrudan da, peşənin insan şəxsiyyətinə verdiyi tələbləri (qabiliyyət, maraq, imkan) bilmədən onun konkret şəxsə uyğun olub-olmadığını söyləmək çətindir. Bu məqsədlə peşələri sahələr üzrə yox, insan amilinə nəzərən, müəyyən əlamətlər üzrə təsnif etmək məqsədəuyğundur.

Yuxarıda qeyd etdiyimiz kimi, peşə müəyyən tələblər külliyyatı ilə xaraterizə olunan əmək fəaliyyəti növüdür. İnsanın əmək fəaliyyətinin hər növü bir sıra komponentlərdən ibarətdir: əməyin predimeti, məqsədi, vasitəsi, fəaliyyət şəraiti. Məhz bu komponentlər konkret şəxsə verilən tələbləri müəyyən edir. Belə ki, insan işləyərkən onun diqqəti ümumilikdə xalq təsərrüfatı və ya sənayeyə yox, əməyin konkret predmetinə yönəlir. İş prosesində bu predmet müəyyən dəyişikliyə uğrayır. Bu dəyişiklik əməyin məqsədidir, ona müəyyən əmək alətləri və vasitələrindən istifadə etməklə nail olmaq olar. Peşə seçimində insan üçün maraq kəsb edən məsələlərdən biri də əmək şəraitidir. Beləliklə, peşələrin təsnifatı bu dörd əlamət əsasında aparılarsa, peşə seçimi daha asan və səmərəli həyata keçirilə bilər.

Bu sahədə işin səmərəliliyinin artırılması, əhali arasında peşəyönümü işinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədi ilə respublikanın müxtəlif regionlarında, xüsusilə iri sənaye şəhərlərində gənclərin müasir və əmək bazarında daha çox tələbat olan peşələri seçmələri üçün Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən peşəyönümü işinin səmərəliliyinin daha da artırılması üçün 2008-ci ildə ilk dəfə olaraq Bakı şəhərində, 2009-cu ildən başlayaraq Respublikanın digər şəhər və rayonlarında müvafiq metodiki vəsaitlərlə təmin edilmiş ümumtəhsil orta məktəblərində birbaşa olaraq peşəyönümü məsləhətləri aparılır.

Beləliklə peşəyönümü işinin kütləviliyi təmin edilmişdir ki, bu da gənclərin gələcəkdə düzgün peşə seçiminin təmin edilməsində müstəsna rol oynayır.

Məlumat üçün bildiririk ki, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2015-ci il ərzində 114569 nəfər, 2016-cı il ərzində 117244 nəfər, 2017-ci il ərzində isə 105287 nəfər peşəyönümü məsləhətinə cəlb olunmuşdur.